ELM VƏ TƏHSİL
Biofizika İnstitutunda magistrantlar üçün distant dərslərə başlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamın icrasını təmin etmək məqsədilə aprelin 3-dən AMEA-nın Biofizika İnstitutunda təhsil alan magistrantlar üçün dərslərin distant formada tədrisinə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda elmi müəssisənin tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti tərəfindən bioloji sistemlər fizikası və biofizika ixtisasları üzrə təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər keçirilir.