İQTİSADİYYAT
Birinci fazada Bakı Limanının yükaşırma qabiliyyəti 10 milyon tondan çox olacaq
Bakı, 18 fevral, Elvin Camalov, AZƏRTAC
Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bu ilin ilk yarısında tikintisinin birinci fazası yekunlaşacaq. Həmin fazada limanın yükaşırma qabiliyyəti 50 min TEU və 10 milyon tondan çox nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin bu il başa çatdırılması ilə bağlı tapşırıq verib.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasında 2 bərə körpüsü fəaliyyət göstərəcək. Limanda 2 Ro-Ro körpüsü və 5 quru yük körpüsü olacaq.
Bundan əlavə 5 quru yük körpüsündən 2-si ağırtonnajlı yüklərin aşırılması üçün nəzərdə tutulub. Digər 3 körpü sırf quru yük və konteyner daşıması üçün planlaşdırılıb.