DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri İsveçin “Saab” şirkətindən iki təyyarə almaq niyyətindədir
Stokholm, 21 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri İsveçin “Saab” şirkətinin istehsalı olan iki əlavə “GlobalEye” təyyarəsi almaq niyyətindədir.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, “GlobalEye” çoxməqsədli bort platforması “Saab” şirkəti tərəfindən “Bombardier Global 6000” təyyarəsi əsasında yaradılıb. Şirkətin nümayəndəsi bildirib ki, sifarişin potensial dəyəri 1,018 milyard dollar təşkil edir, lakin danışıqlar hələ davam edir və indi tərəflər dəyişdirilmiş müqaviləni imzalamalıdırlar.
BƏƏ daha əvvəl üç “GlobalEye” təyyarəsi alıb: ikisini 2015-ci ildə və birini 2017-ci ildə. Bu təyyarələr havadan eyni zamanda olan müşahidəni, həm quru səmadakı, həm də su səthi üzərindəki səmadakı obyektlərin radio vasitəsilə aşkar olunmasını və onların hədəf kimi nişan alınmasını təmin edir.
Qeyd edək ki, İsveçin “Saab” şirkəti dünyada ən böyük müdafiə şirkətlərindən biridir. Aerokosmik tədqiqatlar və müdafiə sahəsində araşdırmalarla məşğul olan “Saab” dünyanın bir sıra ölkələrinə geniş spektrli məhsullar təklif edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm