İDMAN
Birləşmiş Ərəb Əmirlikləri KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisinin artan populyarlığından yazır
Əbu-Dabi, 3 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin populyar www.dotemirates.com elektron qəzetində dünyanın ən maraqlı idman yarışlarından biri olan Formula 1 Azərbaycan Qran-Prisinin uğurla keçirilməsi haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Formula 1 çempionatının dördüncü mərhələsində dörd gün ərzində 94 min nəfər azarkeşin olduğu qeyd edilir.
Bildirilir ki, Azərbaycan paytaxtında üçüncü dəfədir keçirilən bu həftəsonu yürüşdə bilet satışı bu il Bakıda rekord həddə çatıb. Azərbaycan Qran-Prisinə gələnlərin sayı 2017-ci illə müqayisədə 31 faiz artıb. Bu, Bakının küçələrində keçirilən yürüş şousuna artan marağı göstərir. Özü də satılmış biletlərin 77 faizi daxili bazarın payına düşür. Habelə xarici ölkələrdən gələnlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Bu il Bakıya keçənilkindən 31 faiz çox əcnəbi azarkeş gəlib.
Məqalədə xüsusilə vurğulanır ki, F1-in cari mövsümünün ən cəlbedici mərhələlərindən birini dünyanın 78 ölkəsindən gəlmiş qonaqlar izləyiblər. Xəzərin sahilində yerləşən “Baku Crystal Hall”da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində dünya ulduzlarının iştirakı ilə konsert olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi