DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində ümumi daxili məhsul 43 il ərzində 236 dəfə artıb VİDEO
Əbu-Dabi, 25 noyabr, İbad Bağırov, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatı son illərdə çox böyük inkişaf yolu keçib və rekord artım tempi nümayiş etdirib. 43 il ərzində ÜDM-in həcmi təqribən 236 dəfə artıb. Yəni 1971-ci ildə ÜDM təxminən 1,77 milyard dollar təşkil edirdisə, 2014-cü ilin sonunadək onun 419 milyard dollara çatacağı gözlənilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuri bu faktları Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 43-cü ildönümü münasibətilə ölkədə səfərdə olan xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə səsləndirib. ÜDM-in 69 faizinin qeyri-neft sektorlarının payına düşdüyünü bildirən nazir vurğulayıb ki, ölkəsi neft sektorundan asılılığı azaltmaq üçün gəlir mənbələrinin genişləndirilməsi siyasəti yeridir.
Sultan Bin Səid Əl Mansuri, həmçinin bildirib ki, milli iqtisadiyyatın 2014-cü ilin sonuna kimi 4,8 faiz artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, BƏƏ iqtisadiyyatı növbəti yeddi il ərzində 4-5 faiz artacaq.