DÜNYA
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalıb
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 98 min barrel azalaraq gündəlik 12,3 milyon barrel səviyyəsinə düşüb. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 2 min barrel artıb, digər ştatlarda isə 100 min barrel azalıb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda isə 12,4 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 316 min barrel azalaraq gündəlik 7,61 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 176 min barrel geriləyərək sutkada 3,12 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,45 milyon barrel, gələn il isə 13,4 milyon barrel təşkil edəcək.