CƏMİYYƏT


Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb

Bişkek, 15 noyabr, AZƏRTAC

Qırğızıstanın Din İşləri üzrə Komitəsinin təşəbbüsü ilə Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 20 ölkəsindən gələn dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər, ekspertlər iştirak edirlər.

Ölkəmizi bu konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Aydın Əlizadə təmsil edir.

Konfransın açılışında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış edib.

Tədbirdə çıxış edən Səyavuş Heydərov ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi baxımından konfransın çox faydalı platforma olduğunu bildirib.

Daha sonra beynəlxalq konfransın panel iclasında “Dini ekstremizmlə mübarizədə internet resursları və KİV-lə işin təşkili” mövzusunda məruzə edən Səyavuş Heydərov Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə danışıb. Bildirib ki, Azərbaycanda milli və dini dözümlülük xalqımızın tarixi ənənələrinə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər dövlətçilik konsepsiyasına və dünyəvilik prinsiplərinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və bu gün də bu siyasət uğurla davam etdirilir.

S.Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin təməlində multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşı, güclü hüquqi baza və dövlətçilik prinsiplərinin dayandığını vurğulayıb. Dövlət Komitəsi sədrinin müavini ölkəmizdə dini sahədəki münasibətləri tənzimləyən, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı və dini etiqad azadlığı prinsipləri əsasında formalaşmış “Dini etiqad azadlığı haqqında” Qanunun müasir dövrün ən mütərəqqi qanunlarından biri olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən S.Heydərovun sözlərinə görə, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmış “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırış kimi dəyərləndirilir.

Azərbaycanın dövlət-din siyasəti üzrə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edən sədr müavini ölkəmizin dini radikalizm və ekstremizmlə mübarizədə beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrlə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Konfransda dinşünaslıq təhsilinin modeli və təcrübəsi, kütləvi informasiya vasitələrində və internetdə dini məsələlərin işıqlandırılması, yaşadığımız cəmiyyətdə dindar qadınların rolu, müasir multikultural cəmiyyətdə gənclərin yeri və digər mövzularda məruzələr dinlənilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.