DÜNYA
Blinken Lavrovla Ukraynada diplomatik tənzimləmə imkanlarını müzakirə edib
Bakı, 12 fevral, AZƏRTAC
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Ukrayna ətrafında vəziyyətin diplomatik həlli imkanlarını müzakirə edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir. Bəyanata əsasən, Blinken böhranın həlli üçün diplomatik yolların qaldığını, lakin bunun üçün Moskvadan gərginliyi azaltması və dialoqda iştirakının tələb olunduğunu deyib.
“Dövlət katibi qeyd edib ki, Rusiya Ukraynaya təcavüz etdiyi halda Moskva birləşmiş trans-atlantikanın qətiyyətli və miqyaslı cavabı ilə qarşılaşacaq”, – deyə Prays bildirib.
Son zamanlar Kiyev və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv hərəkətlərinin” artmasından narahatlıqlarını dilə gətirir. Moskva isə bu ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirir.