MƏDƏNİYYƏT
“Boş yerə təbil vurma” sənədli filmi Rusiya kinosunun tanınmış nümayəndəsi, əslən azərbaycanlı Ələkbər Həsənzadəyə həsr olunmuşdur
Bakı, 6 yanvar (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın “Lennauçfilm” və Azərbaycanın “Salnamə” kinostudiyalarının birgə layihəsi əsasında ekranlaşdırılmış “Boş yerə təbil vurma” filmi təhvil verilmişdir.
“Salnamə” kinostudiyasından AZƏRTAC-a bildirmişlər ki, bu ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur.
Yeni ekran əsərinin çəkilişləri Naxçıvan, Qazax, Zaqatala, Bakı və Sankt-Peterburqda aparılmışdır.
Ekran əsərinin ssenari müəllifləri Dmitri Sidorov, rejissorlar Andrey Povlenko, Tahir Əliyev, operatorları Maksim Konovalcuk və Elxan Rüstəmovdur.
Bu ekran əsərinin yaz aylarında təqdimatının keçirilməsi planlaşdırılır.
Ə.Həsənzadə 1939-cu ildə Naxçıvanda anadan olmuşdur. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Ə.Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülmüşdür. “Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ə.Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.