DÜNYA


Botsvanada fillərin müəmmalı kütləvi tələfatı müşahidə edilir

Bakı, 2 iyul, AZƏRTAC

Artıq ikinci aydır ki, Botsvananın cənub-qərbində naməlum səbəbdən fillər kütləvi tələf olur.

AZƏRTAC bu barədə Science Alert elmi portalına istinadla xəbər verir.

“May ayından başlayaraq bizə məlum olmayan səbəblərdən Okvanqo çayı deltasında azı 350 fil ölüb. Bu, bütün Afrika qitəsində görünməmiş haldır”, - deyə “Milli Xilas Parkı” fondunun əməkdaşı Nayl Makkann bildirib. Onun sözlərinə görə, digər heyvanlarda tələfat halları müşahidə olunmayıb.

Ölkənin hakimiyyət orqanları isə öz növbəsində fillərin öldürülməsini istisna edib. “Tələf olan fillərin cəsədlərində onların brakonyerlər tərəfindən öldürüldüyünə dəlalət edən izlər yoxdur və onların hamısının dişləri yerindədir”, - deyə Vəhşi Təbiətin Müdafiəsi Təşkilatının regional nümayəndəsi Dimakaso Ntşebe qeyd edib.

İlkin ehtimal olaraq, fillərin ölümünə qara yara xəstəliyi səbəb göstərilsə də, bu fakt təsdiqini tapmayıb.

Ölü fillərin əksəriyyəti Okvanqo çayı deltasının şimal hissəsində, su mənbəyi yaxınlığında, ciddi qorunan qoruq ərazisində aşkarlanıb. Şahidlərin sözlərinə görə, fillər ölmədən öncə ətraflarında dövrə vururlar. Mütəxəssislər burada heyvanların mərkəzi sinir sisteminin zədələnməsindən söhbət getdiyini ehtimal edirlər. Bununla yanaşı, qonşu Namibiyada fillərin müəmmalı tələfat hallarına rast gəlinməyib.

Qeyd edək ki, hazırda Botsvanada vəhşi təbiət şəraitində 130 minə yaxın fil yaşayır. Dünyanın heç bir ölkəsində bu qədər filin olmadığı bildirilir. Ümumilikdə isə Afrika ərazisində 350 minə yaxın fil var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.