SİYASƏT
Böyük Britaniya parlamentinin üzvləri: Dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması, Allahverdiyeva (Quliyeva) Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies münasibət bildiriblər.
Bu barədə AZƏRTAC-a TEAS-dan məlumat verilib.
Təmas xəttində baş verən istənilən insan tələfatının təəssüf hissi doğurduğunu bildirən Lord Kilkluney deyib: “Mən regionda dəfələrlə səfərdə olmuşam və münaqişənin həll yolunun diplomatik ola biləcəyindən əminəm. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir”.
“İstənilən insan tələfatı faciədir”,- deyən Baronessa Zahidə Mənsur bildirib ki, azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusilə ağırdır. Lakin erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər.
Mark Menzies isə qeyd edib ki, regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir. İkiyaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqların pozulmasına yönəlmiş bir addımdır.