DÜNYA


Böyük Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcı gəmisi Yaponiya limanını tərk edib

Tokio, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Böyük Britaniyanın “Queen Elizabeth” flaqman aviadaşıyıcı gəmisi Yaponiyanın Tokio körfəzinin girişində yerləşən Yokosuka limanını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Böyük Britaniyanın aviadaşıyıcı gəmisinin Yaponiya limanını tərk etdikdən sonra hara üzəcəyi barədə məlumat verilmir. Bununla yanaşı, onun ilk dəfə Yaponiya limanına yan aldığı qeyd edilir.

Xatırladaq ki, avqustun 24-də Yaponiya və Böyük Britaniya Sakit okeanda, Okinava adasından cənubda hərbi-dəniz qüvvələrinin birgə təlimlərini keçiriblər. Təlimlərdə Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin zərbə aviadaşıyıcı qrupu “Queen Elizabeth” gəmisinin başçılığı altında iştirak edib. Yaponiya tərəfdən təlimlərə “İse” gəmisi, həmçinin Yaponiyaya və ABŞ-a məxsus 15 ədəd “F-35B” və “F-15” təyyarələri qatılıb. Təlimlər zamanı tərəflər göyərtə aviasiyasının uçuş və enmə proseslərini məşq ediblər.

Əlavə olaraq qeyd edək ki, 70,6 min ton su tutumuna malik olan “Queen Elizabeth” gəmisinin uzunluğu 280, eni 73 metrdir. Gəminin heyəti 679 nəfərdən ibarətdir. Aviadaşıyıcının rəhbərlik etdiyi zərbə qrupuna 40 qırıcı, o cümlədən 24 qırıcı-bombardmançı, 9 sualtı qayıqlara qarşı və 5 uzaq məsafəli radiolokasiya təyinatlı helikopter daxildir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.