İQTİSADİYYAT
“Böyük Qayıdış”a aparan Bəhramtəpə-Horadiz avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri də yol infrastrukturunun müasirləşdirilməsi, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsidir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq, ölkəmizin əsas magistral yolları müasir səviyyədə yenidən qurulur.
Respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik (113-177) Bəhramtəpə-Horadiz hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yüksək keyfiyyətlə aparılıb. Bunu AZƏRTAC-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci kilometrliyindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.
Yol üzərindəki uzunluqları 24-36 metr olan ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib. Layihəyə uyğun olaraq yol boyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə 2710 siqnal dirəyi, 515 yol nişanı və məlumatverici lövhələr qoyulub.
Qeyd edək ki, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 112 kilometrlik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.