DÜNYA


Braziliya COVID-19-dan uşaq ölümü üzrə birincidir

Madrid, 19 aprel, AZƏRTAC

Koronavirus pandemiyası başlayandan bəri Braziliyada yaşı birədək olan 1302 uşaq ölüb.

AZƏRTAC “Vital Strategies” Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına istinadla xəbər verir ki, bu göstərici Braziliyada COVID-19-dan 365 min ölüm halı ilə müqayisədə o qədər də yüksək deyil. Lakin bununla yanaşı, narahatedici rəqəmdir. Bu, körpə ölümü üzrə qlobal miqyasda ən yüksək göstəricilərindən biridir.

Müqayisə üçün deyək ki, “Vital Strategies”in məlumatlarına əsasən, koronavirusdan ölüm sayına görə (565 min) dünya lideri ABŞ-də bir yaşadək olan 45 uşaq həyatını itirib.

Braziliyada yaşı 1-dən 4-dək olan uşaqlar arasında 451, yaşı 5-dən 9-dək olan uşaqlar arasında isə 308 uşaq ölümü qeydə alınıb.

Braziliya həkimləri əmindirlər ki, ölüm halları uşaqların guya ki, koronavirusa yoluxmaması barədə yanlış düşüncədən qaynaqlanır və insanlar tez-tez koronavirusu adi qriplə qarışdıraraq yalnız ağır vəziyyətdə olanları xəstəxanaya çatdırırlar.

“Vital Strategies”in məlumatına görə, mart ayında Braziliyada COVID-19-dan 71 hamilə qadın, 64 qadın isə doğuş zamanı vəfat edib ki, bu da 2019-cu ildə qeydə alınmış ana ölümlərinin ümumi sayının təxminən 10 faizini təşkil edir.

Braziliyada COVID-19-a ilk yoluxmanın aşkarlandığı vaxtdan bir il keçəndən sonra ölüm halları doğuşdan çox müşahidə olunur. Ölkədə 1979-cu ildən bəri görünməmiş yeni demoqrafik böhran bərqərar olub.

Yaşlılar arasında koronavirusdan ölüm halları Braziliyada hələ də ən yüksək səviyyədədir. Lakin ölüm hallarının digər yaş qrupları arasında artması virusun yayılma prosesinin ilkin tendensiyalarını dəyişməyə davam edir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.