DÜNYA
Britaniyada şəxsi avtomobili ilə səfər etməyənlərə 4 min dollar ödəniləcək
Bakı, 20 fevral, AZƏRTAC
Böyük Britaniyanın hakimiyyət orqanları ətraf mühiti daha çox çirkləndirən avtomobil sahiblərinə öz maşınları ilə səfərə çıxmaqdan imtina edərək ictimai nəqliyyat, velosiped, elektrik skuteri və ya taksidən istifadə edəcəyi halda 3 min funt sterlinqə (4,2 min dollar) qədər ödəniş edəcək.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, yollarda tıxacların azaldılması və havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə hökumətin dəstəklədiyi pilot proqramı bu ilin yaz aylarında Koventri şəhərində start götürəcək. Ödənişlər 2016-cı ilədək istehsal olunan dizel və 2006-cı ilədək istehsal olunan benzin mühərrikli avtomobillərin sahiblərinə ediləcək. Proqram iki il üçün nəzərdə tutulub, bundan sonra onun effektivliyi qiymətləndiriləcək.
Birləşmiş Krallığın Nəqliyyat Nazirliyinin məlumatına əsasən, britaniyalılar 2019-cu ildə şəxsi nəqliyyat vasitələri ilə ümumilikdə 574 milyard kilometr yol qət ediblər ki, bu da beş il öncəki göstəricidən 11 faiz çoxdur. Velosiped və piyada hərəkəti məsələləri üzrə xeyriyyə təşkilatının rəhbəri Ksavye Braysın sözlərinə görə, Böyük Britaniyada atmosferə atılan və hər il ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vuran karbon qazının böyük hissəsi avtomobillərin payına düşür.