İDMAN


Bu gün “Qarabağ” komandası “Sumqayıt”la qarşılaşacaq

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2-ci turun daha iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qarabağ” komandası səfərdə “Sumqayıt”la qarşılaşacaq.

“Kapital Bank Arena”da keçiriləcək matç saat 18:20-da start götürəcək. Görüşün baş hakimi Tural Qurbanov olacaq. “Qarabağ” son beş oyunda qələbə qazanıb, Sumqayıt şəhər təmsilçisi isə son dörd matçda qol vura bilməyib. Hazırda Ağdam komandası üç xalla ikinci pillədə qərarlaşıb. Xalı olmayan Sumqayıt şəhərinin təmsilçisi isə sonuncudur. Komandalar indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıblar. Bunların 29-da Ağdam klubu, beşində isə baş məşqçi Aleksey Baqanın komandası qələbə qazanıb. Beş görüş heç-heç başa çatıb.

Günün digər matçı “ASCO Arena”da “Səbail” və “Turan Tovuz” komandaları arasında keçiriləcək. Baş hakim Rauf Allahverdiyevin idarə edəcəyi qarşılaşmaya saat 20:30-da start veriləcək. İlk turdan sonra hər iki komandanın aktivində xal yoxdur. Paytaxt və bölgəni təmsil edən klublar indiyədək Premyer Liqada bir-biriləri ilə görüşməyiblər.

Xatırladaq ki, turun açılış oyununda “Zirə” komandası “Dalğa Arena”da “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

Tura avqustun 14-də təşkil olunacaq “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” matçları ilə yekun vurulacaq.

Hazırda ardıcıl iki qələbə qazanan “Sabah” turnir cədvəlində altı xalla liderdir. Aktivlərində üç xal olan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” kollektivləri turnir cədvəlində ikinci-beşinci yerləri bölüşürlər.

Qeyd edək ki, cari çempionat altıillik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.