CƏMİYYƏT
Bu il 72 min kubmetr oduncaq tədarükü nəzərdə tutulub
Bakı, 12 iyun, AZƏRTAC
Bu il meşəyə qulluq, sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kubmetr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb. İlk növbədə, oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov iyunun 12-də keçirilən mətbuat konfransında deyib.
A.Qaraşov, həmçinin bildirib: “Rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun veriləcək. Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud tələbatın çox cüzi bir hissəsini təşkil edir. Ümumiyyətlə meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən - daş kömür, soba yanacağı və s. istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın”.