REGİONLAR
Bu il Füzuli rayonunda 4 min tondan çox pambıq istehsal edilməsi proqnozlaşdırılır
Füzuli, 20 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılıq inkişaf etdirilir. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır. Odur ki, rayonda pambıq əkinləri ildən-ilə genişləndirilir.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əgər ötən il rayon ərazisində 2050 hektarda pambıq əkilmişdirsə, bu il 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 1330 hektarı “Füzuli Kənd Təsərrüfatı” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilir. Fərdi qaydada isə 140 hektar sahəyə çiyid səpilib.
Pambıqçılıqla məşğul olan fermerlər hazırda becərmə işlərini uğurla davam etdirirlər. Pambıq sahələrində kultivasiya və seyrəltmə işləri başa çatdırılıb, sahələrə yemləmə gübrəsi verilib. Hazırda zərərvericilərlə mübarizə tədbirləri görülür, alaq otlarına qarşı herbisit çilənir, sahələr ketmənlənir. Yaxın günlərdə pambıq sahələrinin suvarılmasına başlanılacaq. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Cari ildə rayonda 4 min tondan çox pambıq istehsal edilməsi proqnozlaşdırılır.