REGİONLAR
Bu il Sabirabadda 8 min hektardan çox sahədə pambıq becəriləcək
Sabirabad, 19 aprel, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, Sabirabadda çiyid səpininə başlanılıb. Ötən il 17 min 292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 8 min 630 hektar sahədə pambıq əkməyi planlaşdırırlar. Bol məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında görülüb, müqavilə bağlanılmış məhsul istehsalçıları lazımi texnika, toxum və dərman preparatları ilə təmin olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 4 min hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə 180-200 hektar çiyid səpilir. Səpin aparılmış sahənin 1552 hektarı “MKT” MMC-yə, 1416 hektarı “Azərpambıq” MMC-yə, 177 hektarı “AQRO AZ” MMC-yə, 961 hektarı isə “P-AQRO” MMC-yə məxsusdur. Məhsul istehsalçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə ediblər.