İQTİSADİYYAT
Bu ilin ilk üç ayında Energetika Nazirliyi tərəfindən 29 icazə verilib
Bakı, 8 aprel, AZƏRTAC
Bu ilin birinci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə ümumilikdə 29 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 24-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 4-ü isə tranziti ilə bağlı olub.
Hesabat dövründə bütün icazələrin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə yerinə yetirilib.
Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.