REGİONLAR
“Bu səbətlə hara getsəm, hamı bilir ki, gəncəliyəm” – səbət ustası VİDEO
Gəncə, 24 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə qədimdən bəri mövcud olan sənət sahələrindən biri də səbətçilikdir. Bu sahə ilə məşğul olan sənətkarların sayı ilbəil azalsa da, səbətə tələbat Gəncədə hər zaman olub. Çünki ölkəmizin qərb regionu, xüsusilə də Gəncə əhalisinin bayramlarda, şən günlərdə içi meyvə-tərəvəz, süd, ət məhsulları və s. ilə dolu olan “Gəncə səbəti”ni sifariş etməsi bir növ adətə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri uzun illərdir səbət düzəldən Vilayət Qurbanovla görüşüb, onun hazırladığı əl-işləri ilə yaxından tanış olub.
Vilayət Qurbanov 1954-cü ildə Gəncə şəhərində anadan olub. 12 yaşından səbət düzəltməyin sirlərinə yiyələnən müsahibimiz o vaxtdan bəri bu işlə məşğul olduğunu deyir: “Bu sənət mənə atamdan, babamdan yadigar qalıb. Onlardan öyrəndiyim sirləri bu gün nəvəmə də öyrədirəm. Məqsədim “Gəncə səbəti”nin unudulmamasıdır. Əlimdə bu səbətlə hara getsəm, hamı bilir ki, gəncəliyəm. Səbət Gəncənin simvollarından birinə çevrilib”.
Səbət qarğıdan hazırlanır. Qiymətləri isə ölçülərinə görə müxtəlifdir – 5-100 manat arası dəyişir.
Vilayət usta xammalı yanvar ayında Goranboydan alır və dediyinə görə, bir il bəs edir. “Bayram ərəfələrində sifarişlərimiz çox olur. Yaxınlarına, əzizlərinə, uzaq yerə “Gəncə səbəti” göndərmək istəyənlər gəlib sifariş edirlər,”- deyə o vurğulayır.
Onun əl işləri ölkəmizlə yanaşı, dəfələrlə beynəlxalq sərgilərdə də nümayiş olunub. 2013-cü ildə Fransada Reyms şəhərində, 2015-ci ildə Parisdə keçirilən “Azərbaycan mədəniyyət günləri” sərgilərində iştirak edib.