MƏDƏNİYYƏT
Bukijon Tukhliyev: Nizami Gəncəvi var-dövlətə deyil, insani dəyərlərə sahib olmağımızı tövsiyə edirdi
Bakı, 26 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da keçirilən növbəti panel iclasda Özbəkistan Şərqşünaslıq Universitetinin professoru Bukijon Tukhliyev “Əlişir Nəvainin Xəmsə poemasında Nizaminin tərifi” mövzusunda çıxış edib.
O deyib: “Əlişir Nəvai öz poemalarında misraların quruluşunu, yazı tərzini Nizamidən götürüb. “Fərhad və Şirin” poemasında Nizami Gəncəvi insanın ilahi bir varlıq olduğunu yazırdı. Nizami Gəncəvinin özündən sonra qoyduğu zəngin ənənələr ondan sonra gələnlər, Əlişir Nəvai və digərləri üçün ilham mənbəyi olmuşdur. Nizami Gəncəvi “sırğanı qulaqdan ayırmaq” ifadəsini işlədərkən o, bu dünyada daş-qaşdan daha qiymətli olan insani dəyərlərə daha çox önəm verməli olduğumuzu nəzərdə tuturdu. Çünki pul, var-dövlət hamısı gəlib gedəndir. Nizaminin “Yeddi gözəl” poemasında daş-qaş sözləri tez-tez işlənib və sətiraltı mənalar daşıyıb”.