DÜNYA
Bundesver İraq kürdlərinə təlim keçir
Berlin, 23 oktyabr, AZƏRTAC
Bundesver İraqın şimalında yerləşən kürd-peşmerq dəstələri üçün bundan əvvəl kürdlərlə Bağdaddakı mərkəzi hökumət qüvvələri arasında baş verən münaqişə ilə əlaqədar dayandırdığı təlimi bərpa edib. Bu barədə məlumatı təlimlərə rəhbərlik edən alman hərbi komandanlığı bazar günü yayıb.
AZƏRTAC xəbər verir ki, bundesverin təlim missiyası alman hərbçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə oktyabrın 13-də bu işi dayandırmışdı. Bundesverin baş inspektoru Folker Vikerin sözlərinə görə, bu qərar Almaniyanın müdafiə naziri Ursula fon der Lyayyenlə razılaşdırılaraq qəbul edilib. Missiyanın bərpası İraqın şimalında vəziyyətin sabitləşdirilməsi ilə bağlıdır.
Bununla belə, hələ oktyabrın 20-də İraq ordusu ilə kürd-peşmerq dəstələri arasında şiddətli döyüşlər olub. Bəzi məlumatlara görə, kürdlər iraqlılarla döyüşlərdə “İslam Dövləti” terror qruplaşmalarına qarşı mübarizədə istifadə etmək üçün Almaniya tərəfindən göndərilən tank əleyhinə “Milan” qumbaraatanlarından istifadə ediblər.
Bu fakt bir daha təsdiqləyir ki, Qərbin kürdlərə guya “İslam Dövləti”nə qarşı mübarizə üçün göndərdiyi silahların yekunda ya İraqın konstitusion hökumətinə qarşı işlədildiyini, ya da oradan PKK terror təşkilatına ötürüldüyünü bildirən rəsmi Ankara haqlı imiş.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin