CƏMİYYƏT
Çantadan soyuq silah və narkotik vasitə aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
Çantadan soyuq silah və narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib. Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.