CƏMİYYƏT
Çili BMT-nin İqlim Sammitini keçirməkdən imtina edir
Bakı, 31 oktyabr, AZƏRTAC
Çili Prezidenti Sebastyan Pinyera ölkəsində kütləvi etiraz aksiyaları fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Sammitini keçirməmək qərarına gəlib. BMT-nin başçısının mətbuat katibinin müavini Fərhan Hak qurumun iqamətgahında keçirilən mətbuat konfransında bu informasiyanı təsdiq edib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Pinyera noyabr ayına nəzərdə tutulan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitini də təxirə salıb.
Pinyera bu qərarını oktyabrın 30-da BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında açıqlayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) icraçı katibi Patrisiya Espinosa İDÇK tərəflərinin 25-ci zirvə görüşünün keçirilməsi üçün alternativ yer tapmağa çalışır.
Görüş dekabrın 2-dən 13-dək Çilidə keçirilməli idi. Zirvə görüşündə onlarca ölkənin liderlərinin, habelə minədək ekspert, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndəsinin iştirakı gözlənilirdi. Lakin ölkədəki vəziyyətin mürəkkəb olduğunu nəzərə alan Pinyera bəyan edib ki, hazırda asayişin təmin edilməsi Çilinin hakimiyyət orqanları üçün prioritet təşkil edir.
Xatırladaq ki, Çilidə etiraz aksiyaları artıq təqribən iki həftədir davam edir. Ölkə sakinlərinin çoxu sosial-iqtisadi vəziyyətdən narazıdır. Nümayişlər zorakılıq və hüquq mühafizə qüvvələrinin nümayəndələri ilə toqquşmalarla müşayiət olunur. Son məlumatlara görə, 20 adam həlak olub, yüzlərlə insan yaralanıb.
Fərhan Hak qeyd edib ki, Çili İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya tərəflərinin 25-ci sessiyasının sədri rolunu saxlayacaq. Bu, konfransın sədr ölkənin hüdudlarından kənarda keçirildiyi ilk hadisə deyil.