DÜNYA
Çin və Rusiya ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı hədəfləyib
Pekin, 16 sentyabr, AZƏRTAC
Çin Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyanın sentyabrın 16-da Rusiyaya başlayacaq rəsmi səfəri zamanı həmkarı Dmitri Medvedev ilə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yollarına dair fikir mübadiləsi aparacaq.
AZƏRTAC xəbər verir ki, üçgünlük səfər zamanı Sankt-Peterburqda iki ölkənin Hökumət Başçıları Şurasının 24-cü iclası keçiriləcək. Bundan başqa, Çin hökumətinin rəhbəri Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə də görüşəcək.
Qeyd edək ki, ötən il iki ölkənin ticarət dövriyyəsinin məbləği tarixdə ilk dəfə 100 milyard ABŞ dolları səviyyəsini ötüb. Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı, həm də ən böyük ixrac bazarıdır. Belə ki, ötən il Rusiya ixracının 12,46 faizi Çinə yönəlib.
Cari ildə də iki ölkə arasında ticarət dövriyyəsində artım davam edib. Yanvar-iyul aylarının statistikasına əsasən, ticarət dövriyyəsi ötən ilin eyni dövrünə olan göstəricidən 4,7 faiz çox olub. Tərəflər 2024-cü ilədək ticarət dövriyyəsinin həcmini 200 milyard dollara çatdırmağı hədəfləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin