DÜNYA
Çində COVID-19 pasiyentlərinin yerləşdirilməsi üçün 33 mobil xəstəxana inşa olunub VİDEO
Pekin, 23 mart, AZƏRTAC
Çində son vaxtlar COVID-19 virusuna yoluxmaların çoxalması fonunda pasiyentlərin yerləşdirilməsi üçün 33 mobil xəstəxana inşa olunub.
AZƏRTAC xəbər verir ki, Çinin Səhiyyə Məslələri üzrə Dövlət Komitəsi bütün vilayətlərə ən azı 2-3 mobil xəstəxana hazır etmək barədə təlimat verib. İndiyədək inşa olunmuş mobil xəstəxanaların tutumu 35 min çarpayıdır. Mobil xəstəxanalarla yanaşı, xəstəlik əlamətləri olmayan pasiyentlərin təcrid olunması üçün müvəqqəti karantin yerlərinin də sayı artırılır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin COVID-19 pasiyentlərin müalicəsi və onların karantinə cəlb olunması qaydalarına etdiyi dəyişikliyə əsasən, artıq xəstəlik əlaməti olmayan pasiyentlər xəstəxanalara deyil, karantin yerlərinə yerləşdirilir.
Qeyd edək ki, martın əvvəlindən Çində COVID-19 virusuna sutkalıq yoluxma dinamikası yüksək olaraq qalır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 65 şəhər üzrə 2591 təsdiqlənmiş və 2346 asimptomatik yerli yoluxma aşkarlanıb. Martın 1-dən bəri Çində 50 mindən çox yoluxma aşkarlanıb. Martın 18-də isə 14 aydan sonra Çində COVID-19 səbəbindən ilk ölüm halları qeydə alınıb. Yoluxanların 95 faizindən çoxunda xəstəlik əlamətləri ya yoxdurı, ya da yüngüldür. Yoluxanların cəmi 0,1 faizi xəstəliyi ağır formada keçirir.
Pandemiyanın hazırki dalğası ilə əlaqədar Çinin bir neçə şəhərində tam və ya qismən qapanma tətbiq olunur. Hökumət infeksiyaya yoluxmanı ev şəraitində müəyyən etmək üçün sürətli antigen testlərindən istifadəyə icazə verib. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 virusu ilə növbəti böyük mübarizəsi kimi dəyərləndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin