DÜNYA
Çində daşqınlar azı 15 nəfərin ölümünə səbəb olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Çinin şimalında yerləşən Şansi əyalətində uzun sürən yağışlar və daşqınları nəticəsində ən azı 15 nəfər həlak olub, üç nəfər itkin düşüb, 120 min nəfər isə təxliyə edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Şansi əyalətinin fövqəladə vəziyyətlər üzrə idarəsinin rəhbəri Van Çijuy jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
“Leysan yağışları əyalətin 11 şəhərində və 76 bələdiyyəsində 1 milyon 757 min nəfərin fəlakət zonasında qalmasına səbəb olub. Nəticədə azı 15 nəfər həlak olub, üç nəfər itkin düşüb, 120 min insan isə təcili təxliyə edilib. Təbii fəlakət nəticəsində, həmçinin 19,5 min tikili dağılıb, 18,2 min tikili isə ciddi zərər görüb. Ölkəyə dəyən birbaşa iqtisadi zərər 5.03 milyard yuan (780 milyon dollar) həcmində qiymətləndirilir”, - deyə Van Çijuy bildirib.
Hakimiyyət orqanlarının məlumatına görə, Şansi əyaləti oktyabrın 2-7-də meteoroloji müşahidələr tarixinin ən güclü payız daşqınları ilə qarşılaşıb, bəzi rayonlarda leysan yağışları bir neçə gün davam edib.
Bir müddət öncə Çinin Maliyyə və Fövqəladə Hallar nazirlikləri Şansi və Şensi əyalətlərində daşqınlarla mübarizəyə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 12,4 milyon dollardan çox vəsait ayırıb. Bundan başqa, Çində fəaliyyət göstərən 14 iri kompaniya daşqınlardan əziyyət çəkən Şansi əyalətinə 415 milyon yuan (64,4 milyon dollar) həcmində yardım göndərib.