DÜNYA


Çində əhaliyə 200 milyon doza COVID-19 peyvəndi vurulub

Pekin, 21 aprel, AZƏRTAC

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə vurulan peyvəndin miqdarı 200 milyon dozaya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının miqdarına görə ABŞ-dan sonra ikincidir. Bildirilir ki, vaksinasiya prosesində ölkə üzrə tibb işçilərinin 80 faizinə peyvənd vurulub.

Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Bu mərhələdə ilkin olaraq böyük və orta şəhərlərdə, liman şəhərlərində və sərhədyanı zonalarda yaşayanların, dövlət müəssisələrində çalışanların, ali məktəblərin müəllim və tələbələrinin peyvənd olunmasına üstünlük verilir. Vaksinasiya üçün ölkə üzrə 74 min 766 məntəqə fəaliyyət göstərir.

Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu hədəfə nail olmaq üçün gündəlik vurulan peyvənd dozasının sayını 10 milyona çatdırmaq şərtdir. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da istifadəyə verilib.

Qeyd edək ki, vaksinasiyada "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. May ayından bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi də əlavə olunacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.