Çinin “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün geniş imkanlar açır - Şərh
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Bu gün Çinin iqtisadiyyatı, hərbi-siyasi gücü qarşısında özünü getditcə zəif görənlər bir çox hallarda bu dövləti ittiham etməyə çalışırlar. Hətta bəzən ona qarşı sanksiya tətbiq etməyə, beynəlxalq təzyiqlərə məruz qoymağa da cəhd göstərirlər. Həmin qüvvələr anlayırlar ki, Çinin hazırkı imkanlarının formalaşması onun vaxtilə atdığı düzgün və düşünülmüş siyasətə əsaslanır. Çin ötən əsrin 80-ci illərindən etibarən siyasi idarəetmə modelini qoruyub saxlamaqla iqtisadi sahədə dəyişikliklər etməyə başladı. “Açıq qapı” siyasəti, vergi və gömrük sahəsində ciddi və uzunmüddətli güzəştlər, rəqabətqabiliyyətli və çevik bazar iqtisadiyyatına sürətli keçid Çinin inkişafını sürətləndirdi. Həmçinin iqtisadiyyatın şaxələndirilməsi, yüksək təhsilə, elmə, müasir innovativ texnologiyaya əsaslanan sənayenin - zavod, fabrik və digər müəssisələrin fəaliyyəti, ucuz işçi qüvvəsi və digər amillər Çinin iqtisadi-siyasi gücünün formalaşmasına təkan verdi.
Bu fikirləri Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov AZƏRTAC-a açıqlamasında söyləyib.
Professor bildirib ki, Çin ilkin mərhələdə bazarının tələbatına uyğun olaraq tanınmış markaların daha ucuz prototipini yaratmaqla iqtisadi gəlirlərini əsaslı formada artırmağı bacardı. Sonrakı mərhələdə yaradılmış əlverişli və güzəştli mühit əsasında Çin dünya brendlərini cəlb etməyi, onların istehsalını təşkil etməyi və ya dünyada istehsal olunan bir çox tanınmış sənaye məhsullarının müəyyən hissələrinin hazırlanmasına nail ola bildi. Son illərdə isə artıq Çinin dünya brendləri ilə rəqabət apara biləcək və ya hətta onları qiymət və keyfiyyət baxımından üstələyə biləcək çeşidli məhsul istehsalına start verməsi onun nüfuzunu daha da artırdı. Bu hərbi-sənaye məhsullarının istehsalından tutmuş, maşınqayırma, informasiya texnologiyaları və digər məhsulların istehsalında özünü göstərir.
“İqtisadi imkanlarının genişlənməsi, istehsal və ticarət sahəsində əsas pay sahiblərindən biri olması, müasir hərbi silah və texnika baxımından təchiz edilmiş güclü orduya sahib olması Çinin dünyadakı mövqelərinin də güclənməsinə, geosiyasi üstünlüyünün artmasına təkan verməkdədir. Bu, həm də Rusiya, ABŞ, digər Qərb və İslam ölkələri də daxil olmaqla hər hansı bir böyük gücün və ya siyasi və ideoloji gücün hökmranlığına qarşı durmasına şərait yaratmaqdadır. Nəticə etibarilə bu da dünyanın bir çox dövlətlərini onunla iqtisadi-siyasi münasibətlərini, ticari əlaqələrini genişləndirməsinə, əməkdaşlığı dərinləşdirməsinə təşviq edir.
Bu baxımdan Azərbaycanın şansları daha böyükdür. Çindən başlanan və ölkəmizdən də keçən böyük İpək Yolu, o cümlədən bu ölkənin həyata keçirdiyi “Bir kəmər, bir yol” strategiyası ölkəmiz üçün geniş imkanlar açır. Çinin təcrübəsindən istifadə etmək, əməkdaşlığı dərinləşdirməklə ölkəmizdə gömrük və vergi sahəsində liberal siyasətin, güzəştli şərtlərin tətbiqinin, azad və rəqabətli bazar prinsiplərinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz gəlirlərinin daha səmərəli istifadəsi yaxın illərdə daha müsbət dinamikanın meydana gəlməsinə şərait yaradacaq. Çinlə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin iqtisadi-sosial gücünün daha da yaxşılaşmasına, iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə effektiv təsir göstərəcək”, - deyə R.Hüseynov əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var