CƏMİYYƏT


Çörək ətri verən papayyanın dadlı meyvələri

Bakı, 24 avqust, AZƏRTAC

Həcmcə armuddan bir qədər böyük, sarı və narıncı qabığı olan papaya milyonlarla insanın qida rasionuna daxildir. Onun vətəni Meksikanın cənubu, Mərkəzi Amerika və Cənubi Amerikanın şimalı sayılır. Xarici görünüşü cəlbedici olmasa da, meyvələri çox dadlıdır. Floridada yerli əhali onun yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdiklərinə görə ona “zənci sabunu”, məşhur səyyah Vasko da Qama papayyanın dadına baxaraq onu “Hindistanın qızıl ağacı”, ispan dənizçiləri isə ona yemiş ağacı adı veriblər.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, papayyanın meyvələri kal olarsa, onun yetişməsi üçün 3-4 gün qaranlıq mühitdə və ya bananla bir qabda saxlamaq kifayətdir. Yetişmiş meyvələr soyuducuda bir həftə qala bilər. Əsasən desert-qida məqsədilə meyvə salatlarında, sərinləşdirici içkilərin hazırlanmasında istifadə edilir. Meyvənin qabığı soyulandan və toxumları çıxarılandan sonra çiy şəkildə yeyilir, meyvə tam yetişməyibsə qaynadıb yemək də olar. Ocaqda bişərkən ondan gözəl çörək ətri gəlir.

Kal papayya meyvəsinin süd şirəsinin və yetişmiş. toxumlarının tərkibində çoxlu fermentlər var və onlardan biri də papaindir. Papaindən min illər boyu Cənubi Amerikada sərt ət liflərini parçalamaq üçün istifadə ediblər. Həmin fermentlərdən həzm sistemi pozğunluqları zamanı istifadə edilən həblər hazırlanır. Papayya yetişdirilən 1 hektar ərazidən bitkinin 100 kiloqrama yaxın fermentini əldə etmək olar. 100 qram papaya meyvəsi 26-74 kaloridir. Hindistan və Şri-Lankada yaşayan xanımlar uzun illər papayyadan kontrasepsiya vasitəsi kimi istifadə ediblər.

2008-ci ildə tibb elmləri üzrə Nobel mükafatlı laureatı, məşhur fransız virusoloqu Lyuk Montanyenun apardığı tədqiqatlar nəticəsində məlum olub ki, A/HIN1 qrip virusundan dünyasını dəyişənlər daha çox ürək-damar problemlərindən əziyyət çəkənlərdir. Hətta virusoloq özü də soyuqdəymədən qorunmaq üçün papayya ekstraktı qəbul edib. O, Vatikana səfəri zamanı Parkinson xəstəliyindən əziyyət çəkən Roma papası II İohan Pavelə də bitkinin ekstraktından istifadə etməyi məsləhət görüb. Papanın bu məsləhətə əməl edib-etmədiyi məlum deyil, lakin bundan sonra onun vəziyyətində xeyli irəliləyiş olduğunu söyləyirlər. Yaponiyada Tokio və ABŞ-da Florida Universiteti alimlərinin apardıqları tədqiqatlar nəticəsində papayyanın qurudulmuş yarpaqlarından alınmış ekstrakt qaraciyər, uşaqlıq boynu, mədəaltı vəzi və digər orqanların bəd xassəli törəmələrinin inkişafını yetərli qədər dayandırdığı aşkar edilib.

ABŞ-da herpesin, ekzemanın müalicəsində papayyadan hazırlanmış həblərdən istifadə edilir. Həmçinin həzm sistemini yaxşılaşdıran vasitə kimi qastrit, mədə xorası, antikoaqulyant kimi damar trambozlarında, kosmetologiyada isə yanıqlarda, arzuedilməz tüklərin və çillərin yox edilməsində istifadə edilməsi mümkündür.

Papayya qida sənayesində də kifayət qədər tanınmış bitkidir. Onun köməyi ilə şərab və likorlar şəffaflaşdırılır, onlara çoxdan saxlanmış şərab dadı verilir, pendirlər aromatlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.