SİYASƏT
CORC BUŞUN BƏYANATI OPEK DÖVLƏTLƏRİNDƏ NARAHATLIQ DOĞURMUŞDUR
Onların fikrincə, bu cür bəyanatlar Yaxın Şərqin neft-qaz sektoruna yatırılan sərmayələrin həcminin kəskin şəkildə azalmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə ciddi problemlər yaradacaqdır. Belə ki, sərmayələrin həcminin aşağı düşməsi nəticəsində karbohidrogenlər hasilatı azala bilər ki, bu da təkcə enerji ehtiyatlarının istehsalçılarına deyil, istehlakçılarına da böyük zərər vuracaqdır.
Beynəlxalq İqtisad Agentliyi dəfələrlə bildirmişdir ki, dünyada enerji ehtiyatlarına getdikcə artan tələbatın ödənilməsi imkanını saxlamaq üçün Fars körfəzi ölkələrinə daim böyük məbləğdə sərmayə qoyulmalıdır.
Avropa İttifaqında sədrlik edən Avstriyanın iqtisadiyyat naziri Martin Bartenştayn əmindir ki, yaxın vaxtlarda Aİ ölkələrinin idxaldan asılılığı azalmayacaq, əksinə, artacaqdır.
Nigeriyanın OPEK-dəki nümayəndəsi və təşkilatın indiki başçısı Edmund Dokoru demişdir ki, “belə məsələlər birtərəfli qaydada həll edilə bilməz”.
Xatırladaq ki, Corc Buş Konqresdə çıxışında ABŞ-ın qeyri-sabit rejimli ölkələrdən neft idxalını 2025-ci ilədək 75 faiz azaldacağına söz vermişdir. Onun fikrincə, bunu ABŞ-ın ixracçı ölkələrdən asılılığını azaltmaq üçün etmək lazımdır.