İQTİSADİYYAT
“Caspian European Club” Gürcüstan rəsmiləri ilə növbəti görüşü Marneulidə təşkil edəcək
Tbilisi, 4 oktyabr, AZƏRTAC
“Caspian European Club” və “Caspian American Club” Gürcüstanda növbəti işgüzar görüş təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev oktyabrın 4-də Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze ilə görüşdə deyib.
“Artıq bir neçə dəfə Tbilisidə Azərbaycan iş adamları ilə Gürcüstanın hökumət üzvləri və işgüzar dairələrinin nümayəndələri üçün “CEO Lunch” təşkil olunub. Bu cür tədbirlərin Gürcüstanın regionlarında da keçirilməsi qərara alınıb. Növbəti belə “CEO Lunch”ın oktyabrın 18-də Marneulidə keçirilməsi nəzərdə tutulur. Məqsəd Gürcüstanın regionlarının iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaq, iş adamlarını cəlb etməkdir”, - deyə T.Əliyev bildirib.
O qeyd edib ki, bundan sonra mütəmadi olaraq Batumi də daxil olmaqla digər bölgələrdə Azərbaycan və gürcü iş adamlarının, eləcə də sahibkarlarla hökumət rəsmilərinin görüşləri təşkil olunacaq.
İ.Lekvinadze belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini və hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi