İQTİSADİYYAT
“Caspian European Club”un üzvləri üçün növbəti biznes-tur təşkil olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
“Caspian European Club” “Gazelli Group” kosmetika fabrikinə biznes-tur təşkil edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, biznes-tur çərçivəsində bu dəfə 20 ildir fəaliyyət göstərən “Gazelli Group” kosmetika fabrikini ziyarət etmək imkanı əldə edən “Caspian European Club”un üzvləri qablaşdırma sexinə, hazır məhsullar anbarına, laboratoriya və şouruma baş çəkiblər. Biznes-tur iştirakçılarına interaktiv formatda “Gazelli Group”un fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə “Caspian European Club” üzvlərinin “Gazelli Group”un prezidenti Zərifə Həmzəyeva ilə görüşü təşkil olunub. Z.Həmzəyeva biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb, “Gazelli Group”un məhsullarının təkmilləşdirilməsi və tanıdılması ilə bağlı təklifləri nəzərdən keçirib. Tərəflər ilkin razılıq nəticəsində əldə olunmuş əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib: “Caspian European Club” iştirakçıları üçün təşkil olunan və artıq xoş ənənəyə çevrilən biznes-turlar Azərbaycan istehsalçılarının məhsullarına münasibəti dəyişib. Bizim fikrimizcə, bu, biznes-turların təşkili çərçivəsində “Caspian European Club”un fəaliyyətinin ən əsas və müsbət nəticəsidir.
O vurğulayıb ki, “Caspian European Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən 10-dək biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, Naxçıvan Muxtar Respublikasına, Heydər Əliyev Beynəlxalq Aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Qeyd edək ki, sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb və mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.