REGİONLAR
Cəlilabad Regional Mühafizə Bölməsinin yeni inzibati binası istifadəyə verilib
Cəlilabad, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 26-da Cəlilabad Regional Mühafizə Bölməsinin yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bölmənin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan N.Zeynalov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açdığını bildirib.
Tədbirdə çıxış edən Baş Mühafizə İdarəsinin rəisi müavini-polis polkovniki Daşqın Mehdiyev yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib. O, nazirliyin mühüm qurumu kimi Baş Mühafizə İdarəsinin sıralarının sağlam, savadlı gənc əməkdaşlarla möhkəmləndirdiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin daim diqqət mərkəzində olduğunu bildirib.
Sonra tədbir iştirakçıları yeni inzibati binada yaradılan şəraitlə tanış olublar.