REGİONLAR
Cəlilabadda karantin postunda saxlanılan şəxsin üzərindən müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb
Cəlilabad, 24 iyul, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə Cəlilabad şəhərində tətbiq edilən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq şəhər ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “Saxla!” əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən həmin şəxs idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayonunun Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.
Onun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixotrop maddə metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.