REGİONLAR
Cəlilabadlı gənclər rayonun ictimai-siyası həyatında fəallıq göstərirlər
Cəlilabad, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 Fevral - Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov gəncləri əlamətdar gün münasibətilə təbrik edib.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan Ə.Əzizov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.
Cəlilabadda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr verilib.
Tədbir konsert proqramı ilə davam edib.