İQTİSADİYYAT
Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir
Bakı, 31 may, AZƏRTAC
Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir. Bu, regionun ən böyük qaz ixracı layihəsidir. Eyni zamanda, “Şahdəniz” dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan, Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi maraq daşımaqla yanaşı, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib. T.Mirkişili qeyd edib ki, məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrinə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcək. O vurğulayıb ki, “Şahdəniz-2” layihəsi, eyni zamanda, Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz Boru Kəməri tam icra olunmuş vəziyyətdədir. TANAP layihəsinin də yaxın günlərdə işə düşəcəyini deyən deputat qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Ekspertin fikrincə, layihə elə planlaşdırılıb ki, sonradan onun ixrac həcmini iki dəfəyə yaxın artırmaq mümkündür. Cənub Qaz Dəhlizinin illik ixrac həcmi 30 milyard kubmetrə çatdırılacaq. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə ilkin olaraq 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır.
Deputat bildirib ki, 2025-ci ildə ölkələr üzrə qaz tələbatının 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı planlaşdırılır və bu da Azərbaycan qazı üçün böyük bazar deməkdir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm də dövlətimizin başçısının nüfuzunun, Azərbaycan ilə Avropa İttifaqı ölkələri və qonşu dövlətlər arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsidir.