SİYASƏT
Cənubi Koreya KİV nümayəndələri üçün Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı mətbuat konfransı keçirilib
Pekin, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mətbuat konfransında səfir Rəmzi Teymurov Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, hazırda cəbhə bölgəsində yaranmış vəziyyət haqqında məlumat verib. Münaqişənin tarixindən danışan səfir bildirib ki, bəzi Qərb, o cümlədən bir neçə Cənubi Koreya KİV-də Dağlıq Qarabağın “mübahisəli bölgə” kimi təqdim edilməsi təəssüf doğurur. Çünki beynəlxalq sənədlər Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını təsdiq edir və bunu birmənalı şəkildə pisləyir. “Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi məhz işğal olunmuş ərazi kimi təsbit edilməlidir”, - deyə səfir qeyd edib.
Diplomat bildirib ki, son 30 il ərzində Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar törətməsinin səbəbi beynəlxalq ictimaiyyətin, o cümlədən bəzi ölkələrin neytral mövqe tutması və işğalçı tərəflə işğala məruz qalan tərəfə fərq qoymamasıdır. “Biz Koreya ictimaiyyəti və dövlətindən Azərbaycanı dəstəkləməyi, yaxud bizim ölkənin tərəfinin tutulmasını deyil, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət göstərilməsini gözəyirik”, - deyə R.Teymurov bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin