DÜNYA
Cənubi Koreya "omikron"a görə ölkəyə girişdə məhdudiyyətlər tətbiq etməyə başlayıb
Pekin, 29 noyabr, AZƏRTAC
Cənubi Koreya hökuməti COVID-19 virusunun "omikron" ştamına görə Afrikanın 8 ölkəsindən gələnlərin ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq etməyə başlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, yeni ştamın ilk aşkarlandığı Cənubi Afrika Respublikasından başqa, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarının Cənubi Koreyaya girişi ilə yanaşı, bu dövlətlərin vətəndaşlarına viza rəsmiləşdirilməsinə məhdudiyyət tətbiq olunur. Çox vacib məqsədlər üçün ölkəyə girişinə icazə verilən şəxslər isə müəyyən edilmiş yerlərdə 10 gün məcburi karantinə cəlb olunacaq. Həmin şəxslər bu müddətdə 3 dəfə test verməlidirlər.
Agentlik yazır ki, Cənubi Koreya hökumətinin belə qərar qəbul etməsi Birləşmiş Ştatların, Avropa və Asiyanın bəzi ölkələrinin Afrikanın həmin dövlətlərinin vətəndaşlarının girişinə məhdudiyyət tətbiqi planlarını açıqlaması ilə bağlıdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı “omikron” ştamının xəstəliyin ciddi fəsadlarla nəticələnən yayılmasına gətirib çıxara biləcəyi barədə narahatlığını bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin