REGİONLAR
Ceyranbatan qəsəbəsində nümunəvi məhəllə yaradılıb
Ceyranbatan, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində nümunəvi məhəllə yaradılıb. Qəsəbədə aparılan işlərlə yerində tanış olmaq məqsədilə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova məhəlləyə gələrək sakinlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, binaların həyətinin abadlaşdırılması, nümunəvi məhəllələrin salınması sakinlərin böyük sevincinə səbəb olub. İllərlə baxımsız vəziyyətdə qalan ərazinin abadlaşması, ətrafda səliqə-sahmanın yaradılması, binaların dam örtüyünün və fasadının yenilənməsi sakinlər tərəfindən müsbət qarşılanıb.
Qeyd edilib ki, özbaşına zəbt edilmiş ərazilərdə müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ətraf hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova sakinlərlə görüşdə son illərdə Abşeronda aparılan abadlıq-quruculuq işlərindən danışıb.
Sakinlər nümunəvi məhəllənin yaradılmasına görə minnətdarlıqlarını bildiriblər.