İQTİSADİYYAT
D230 bloku üzrə ilk seysmik tədqiqatın gələn ilin birinci yarısında aparılması planlaşdırılır
Bakı, 3 avqust, AZƏRTAC
D230 bloku üzrə ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşıb. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.
“Bu ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır”, - deyə “BP Azerbaijan” bildirir.
“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.
Xatırladaq ki, bu il aprelin 26-da Londonda Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin iştirakı ilə SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıb.
25 illik müddəti əhatə edən hasilatın pay bölgüsü haqqında sazişə əsasən BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
Xəzərdəki D230 perspektiv kəşfiyyat bloku üzrə Azərbaycanın təminat və öhdəlikləri də təsdiq edilib.
Bundan əvvəl, 2016-cı ilin may ayında BP D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdı.
D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3 min 200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3 min 500 metrdir.