CƏMİYYƏT
DİN Qəbələ rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 2 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qəbələ rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində həmin obyektin sahibi olan qəsəbə sakini R.Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Hadisə ilə bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.