CƏMİYYƏT
DMX vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün tədbirlər görür
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görür.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşaması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.
Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin edilməsi məqsədilə DMX həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını DMX-nin saytından əldə etmək mümkündür.
Ətraflı məlumat üçün (012) 919 - Çağrı Mərkəzinə zəng etmək olar.