CƏMİYYƏT
DOST mərkəzlərində xidmətlər təkmilləşdirilir
Bakı, 8 sentyabr, AZƏRTAC
Bu il Bakıda daha iki DOST mərkəzi fəaliyyətə başlayacaq.
Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin sədri Fərid Məmmədov agentlikdə keçirilən korporativ idarəetmə sisteminin və xidmətlərin təkmilləşdirilməsinə həsr olunmuş onlayn iclasda deyib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin sonuna qədər açılışı nəzərdə tutulan mərkəzlər Binəqədi, Nərimanov və Abşeron rayonlarının sakinlərinə xidmət göstərəcək.
Fərid Məmmədov DOST mərkəzlərində göstərilən xidmətlərin sayının artırılacağını da diqqətə çatdırıb. Onun dediyinə görə, bu yaxınlarda DOST mərkəzlərində mediasiya sahəsində xidmətlərin də göstəriləcəyi nəzərdə tutulub.
İclasda vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədi ilə İSO sertifikatının alınması, yeni DOST mərkəzlərinin qurulması, korporativ idarəetmə sisteminin inkişaf etdirilməsi və işə qəbul prosedurlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Xidmətlərin göstərilməsi sahəsində informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən innovativ həllərinin tətbiqi barədə də fikir mübadiləsi edilib və təkliflər verilib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərində vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin təşkil edilməsi ilə əlaqədar tapşırıq və göstərişlər verib.