MƏDƏNİYYƏT
DÖVLƏT KİTABXANASINDA ƏSASLI TƏMİR İŞLƏRİ GƏLƏN İL BAŞA ÇATDIRILACAQ
Cari ilin ikinci yarısından Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasında əsaslı təmir işlərinə başlanılmışdır. Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, ötən müddətdə binanın dam örtüyü dəyişdirilmiş, müsiqi şöbəsinin iki otağı təmir olunmuş, istilik sistemlərinin quraşdırılması başa çatdırılmışdır. İlin axırınadək isə binanın III və IV mərtəbələrində təmir işlərini qurtarmaq nəzərdə tutulmuşdur.
İndiyədək aparılan təmir işləri oxuculara maneçilik törətməmişdir.
2004-cü ilin sonuna qədər əsaslı təmirin başa çatdırılması planlaşdırılır. Bu müddətdə bütün oxu zalları təmir ediləcək, kondisionerlər qoyulacaq, kabinetlər, arxiv otaqları, yük daşınmasında istifadə olunan lift təmir ediləcəkdir. Bu işlərə 300 min avrodan çox vəsait ayrılmışdır.
1959-cu ildən bəri birinci dəfədir ki, kitabxanada əsaslı təmir işləri aparılır.