REGİONLAR
Dağlıq Şirvan bölgəsində hansı taxıl sortları əkilməlidir?
Qobustan, 13 avqust, AZƏRTAC
Bitkiçilikdə məhsuldarlıq hər bir bölgə üçün sortların düzgün müəyyən edilməsindən asılıdır. Mütəxəssislər hər hansı bir bölgədə dənli bitkilərdə məhsuldarlığın 20-30 faiz, ekstremal şəraitdə isə daha çox məhz sortun düzgün seçilməsindən asılı olduğunu söyləyirlər. Artıq qarşıdan payız fəsli gəlir. Ərzaq təhlükəsizliyi üçün önəmli olan taxıl səpini kampaniyasına başlanılacaq. Bəs, respublikamızın əsas taxılçılıq zonalarından olan Dağlıq Şirvan bölgəsində hansı taxıl sortlarının əkini sərfəlidir?
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının (Qobustan BTS) direktoru Atabəy Cahangirov AZƏRTAC-ın bölgə müxbirinin sualına cavabında deyib:
- Dağlıq Şirvan bölgəsi əsasən nəmliklə sabit təmin olunmayan dağətəyi ərazilər olmaqla, həm də bəzi illərdə qışın sərt keçməsi ilə xarakterizə edilir. Digər tərəfdən, bölgədə şimaldan cənuba doğru həm nisbətən dağlıq (1000-1200 m), həm orta (600-800 m), həm də arana meyilli ərazilər var. Ona görə də bu bölgədə əkilən dənli bitki sortlarının şəraitə uyğun olaraq seçilməsi gələcək məhsuldarlıqda mühüm rol oynayır. Əvvəllər bu bölgədə ən çox yayılmış “Bezostaya 1” sortu və bərk buğda sortları əkilirdi. “Bezostaya 1” sortu gec yetişən, sarı pasa həssas və hündür boylu olduğundan yatmaya meyilli idi. Ona görə də bu sortun məhsuldarlığı xeyli aşağı olurdu. Tədqiqatlar göstərib ki, bölgənin yuxarıda qeyd etdiyimiz mürəkkəb torpaq iqlim şəraitinə malik olması səbəbindən bərk buğdaların becərilməsi bu yerlər üçün məqsədəuyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qobustan BTS-da bölgənin torpaq iqlim şərtlərinə uyğun yüksək keyfiyyətli və məhsuldar buğda, arpa və ərzaq noxudu sortları yaradılıb. Həmin sortlardan buğdanın “Qobustan”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, noxudun “Sultan” sortlarını misal göstərə bilərik. Bu sortların yaradılması zamanı bölgədə əvvəllər əkilən sortların bir sıra çatışmayan cəhətlərinin aradan qaldırılması məsələsi qarşıya qoyulub və buna nail olunub. Yaradılan sortlar sünbülləmə müddətinə, məhsuldar kollanmasına, yatmaya, boyuna, şaxtaya, xəstəliklərə və zərərvericilərə davamlılığına görə bir-birindən fərqlənməklə əvvəllər bölgədə tətbiq olunan sortlardan xeyli dərəcədə üstünlüyə malikdir. Əldə etdiyimiz sortlar bölgənin dağlıq, orta və aşağı hissələrində əkilmək üçün nəzərdə tutulub. Belə ki, “Qobustan” və “Qızıl buğda” sortlarının orta və aşağı ərazilərdə, “Ləyaqətli 80”nin aşağı, orta və həm də dağlıq ərazilərdə əkilməsi tövsiyə olunur. Stansiyada yaradılan arpa sortları isə bölgənin şəraitinə uyğun olaraq şaxtaya və yatmaya davamlılığı ilə fərqlənir və hər üç ərazidə yüksək məhsul verir.
“Stansiyada 2018-ci ildə hər hektardan məhsuldarlıq “Qobustan” buğda sortunda 30-35 sentner, “Ləyaqətli 80” buğda sortunda 30-33 sentner, “Dəyanətli” arpa sortunda 30-33 sentner, “Qızıl buğda” sortunda isə 28-30 sentner olub”, - deyən Atabəy Cahangirov bildirib ki, hazırda bu sortlar Dağlıq Şirvanın və respublikanın nəmliklə təmin olunmayan digər bölgələrində fermerlər tərəfindən geniş ərazilərdə əkilir və onlar tətbiq edilən yeni sortlar hesabına yüksək və keyfiyyətli məhsul əldə edirlər.