MƏDƏNİYYƏT
Daşkənddə Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film çəkilib
Daşkənd, 19 dekabr, АZƏRTAC
Daşkənddə özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə “İki xalqın qüruru” adlı sənədli film çəkilib.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan filmin rejissoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədovdur. Filmdə arxiv materiallarından istifadə edilib, habelə filmin yaradıcı heyəti ədibin vətəni Azərbaycanda olub, şairin doğulduğu Ağdaş rayonuna gedib, müsahibələr lentə alıb.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, filmin çəkilməsində məqsəd Maqsud Şeyxzadə irsini təbliğ etmək, habelə xalqlar arasında dostluq əlaqələrinin daha da genişlənməsinə dəstək olmaqdır. Sənədli materialların, həm də bədii parçaların yer aldığı filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfə, yaratdığı ölməz əsərlər öz əksini tapıb.
Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri olub.
Filmdə bildirilir ki, ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik seçilmiş əsərləri çap olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd