DÜNYA
“Debian Linux” sistemi ilə işləyən çox təhlükəsiz smartfon təqdim edilib
Bakı, 28 avqust, AZƏRTAC
“Debian Linux” sistemi ilə işləyən çox təhlükəsiz smartfon təqdim olunub.
AZƏRTAC xəbər verir ki, San-Fransiskoda fəaliyyət göstərən “Purism” şirkəti açıq platforma üzrə işlənilmiş çox təhlükəsiz “Librem 5” smartfonunun hazırlanması üzrə yekun mərhələ üzərində işlədiyini elan edib. Onların layihəsi “Android” sistemi əsasında hazırlanmış müvafiq "anti casus" həllərindən fərqlənir, çünki “Librem 5” smartfonu “Debian Linux” əsasında hazırlanmış şəxsi “PureOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
İstehsalçıların sözlərinə görə, “Librem 5” smartfonu “Matrix” şifrlənmiş desentralizasiya olunmuş rabitə texnologiyasından istifadə edən dünyada ilk IP cihaz olacaq. “Purism” şirkətinin nümayəndələri hesab edirlər ki, telefonlar istifadəçiləri izləməməlidir, abunəçinin rəqəmsal həyatının məxfiliyi qorunmalıdır.
İstehsalçılar artıq smartfonun ilk versiyasında səsli rabitə, video, kamera, mətn mesajları, elektron poçt və veb-sörfinq dəstəyinə söz verirlər.
“Purism” şirkəti qrafik üzrə “Librem 5” smartfonunun ilk versiyasının satışını 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlinə planlaşdırır. Şirkətin əməkdaşları “Librem 5” smartfonunu 599 dollar məbləğində qiymətləndiriblər.