“DəmirBank” Lənkəran şəhərində iki müxtəlif tədbir keçirmişdir
AzerTAg.az
Lənkəran, 12 mart (AZƏRTAC). Martın 12-də “DəmirBank”ın Lənkəran filialının yeni ofisdə fəaliyyətə başlaması ilə bağlı “Açıq qapılar” tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bankın nümayəndələrinin və müştərilərinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə “DəmirBank”ın fəaliyyəti, kreditlər və digər bank xidmətləri barədə əhaliyə və sahibkarlara geniş məlumat verilmişdir.
Həmin gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Nağdsız ödənişlər və plastik kartlardan istifadə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Toplantıda çıxış edənlər ölkə iqtisadiyyatında nağdsız hesablaşmaların daha da artırılması istiqamətində görülmüş işlər, plastik kartlardan və POS-terminallardan istifadə etmə qaydaları barədə iştirakçılara ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, “DəmirBank”ın Lənkəran filialı əhaliyə və sahibkarlara müxtəlif kreditlər və digər bank xidmətləri göstərir. Burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.
Bildirilmişdir ki, “DəmirBank” fəaliyyət göstərdiyi 24 il ərzində bir çox nailiyyətlər əldə etmiş, ölkədə aparıcı banklardan birinə çevrilmişdir.
Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, Bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 31 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var